Fərz edək ki, sizə indicə bir zəng gəlir və dəstəyin digər tərəfindəki şəxs “Hazırlanın, sabah ilk uçuşla kosmosa gedirik!” deyir. Necə də həyəcanverici və xoş səslənir, elə deyilmi?
Bir yerə səyahət etməyə hazırlaşarkən ediləcək əsas şeylərdən biri də, yəqin ki, çantamızı və ya çamadanımızı hazırlamaqdır. Buna da ilk olaraq gedəcəyimiz yerdəki hava praqnozuna baxaraq qarderobumuzdan ona uyğun paltarları seçməklə başlayırıq. İndiki halda kosmosa səyahət edirik və tək diqqət etməli olduğumuz şey hava praqnozu deyil. Yerdə harasa səyahət edərkən fikir vermədiyimiz təzyiq, havasızlıq, radiasiya, çəkisizlik kimi nüanslar da kosmosa səyahət planladıqda nəzərə alınmalı olan şeylərdir. Və bütün bunların artıq nəzərə alındığı geyiminiz varsa, narahat olmağa dəyməz. Yox, əgər yoxdursa və niyə lazım olduğunu düşünürsünüzsə, o zaman doğru yerdəsiniz.
Qeyd edim ki, haqqında bəhs edəcəyim kosmos üçün və ya kosmik aparatdan kənardakı fəaliyyətlər üçün hazırlanan xüsusi geyim kosmonavtı kosmik uçuş boyu və ya açıq kosmosda fəaliyyət göstərərkən kosmosun sərt şəraitində qoruyacaq və kontrollu şəkildə hərəkət edə bilməsinə imkan yaradacaq formada dizayn edilmiş geyimdir.
Kosmosa insan uçuşunun planlanması ilə birlikdə kosmik uçuş zamanı və kosmosda nə geyinməli olduğumuz məsələsi gündəmə gəlməyə başladı. Bu elə bir geyim olmalı idi ki, kosmosa uçuş zamanı kosmonavtı kosmik gəminin içində və kosmik gəmidən kənara çıxmalı olduğu hallarda kosmosun sərt şəraitindən qorumalı idi.
Yuri Qaqarin və Aleksey Leonov bu məqsədlə Sovet İttifaqı tərəfindən hazırlanan ilk geyimləri geyinən kosmonavtlar olmuşdur.
Yuri Qaqarinin geyinmiş olduğu məşhur narıncı rəngli kosmik geyim SK-1 adlanırdı və geyimin əsas məqsədi Qaqarini uçuş boyunca kosmik gəminin içində yarana biləcək hər-hansısa əks təsirlərdən qorumaq idi.
Daha sonra SK-1 geyiminin əsasında Aleksey Leonovun geyinmiş olduğu açıq kosmos üçün nəzərdə tutulan Berkut adlı geyim dizayn olundu. Berkutu SK-1-dən fərqləndirən əsas cəhət isə onun kosmik gəmidən kənarda da kosmonavtı oksigenlə təmin edən, geyimə bitişik bel çantasının (oksigen balanonun) və geyimin daha güclü müdafiə qatının olması idi.
Sovet İttifaqı kosmos sahəsində ilklərə imza atıb Kosmik Yarışda önə keçməyə çalışsa da, ABŞ (Amerika Birləşmiş Ştatları) uzun illər sürən sınaqlardan sonra ilk amerikalını kosmosa çıxarmaq üçün hazırlanmış Merkuri Layihəsində istifadə ediləcək eyni adlı kosmik geyim üzərində işləyirdi. Merkuri və ya “Navy Mark IV” adlanan bu kosmik geyimlə 1962-ci il fevralın 20-də Jhon Glenn kosmosa çıxan ilk amerikalı titulunu qazanmış oldu.
Amma heç şübhəsiz ki, ABŞ-ın bu sahədəki ən böyük uğuru kimi Apollo Proqramı daxilində hazırlanmış və proqramın adına uyğun olaraq Apollo adlandırılmış kosmik geyimi qeyd etmək olar. Apollo, astronavtları nəinki açıq kosmosda, Ayın səthindəki təsirlərdən də qorumaq üçün dizayn edilmiş xüsusi bir geyim idi. Aşağıdakı şəkildə gördüyümüz kimi Aya ilk ayaq basmış Nil Armstronq da elə məhz bu geyimdə Bazz Oldrinin kamerasına tuş gəlib.
Kosmik geyimlərlə bağlı bilməli olduğumuz əsas məsələlərdən biri isə kosmosa uçuş və qayıdış anında geyinilən geyimlərlə açıq kosmosda, yəni kosmik gəmidən kənarda geyinilən geyimlərin fərqli olmasıdır. Kosmosa uçuş və qayıdış zamanı geyinilən geyimlərin əsas məqsədi kosmonavtı yarana biləcək təzyiqlər fərqindən müdafiə etmək olsa da, kosmik gəmidən kənarda geyinilmək üçün dizayn edilmiş geyimlərin məqsədi isə kosmonavtı nəinki yarana biləcək təzyiqlər fərqi, həmçinin, yüksək temperatur fərqi, havasızlıq, radiasiya, çəkisizlik kimi amillərdən qorumaq və davamlı olaraq tənəffüs zamanı yaranan karbon-dioksidi geyimdən kənarlaşdıraraq onu oksigenlə təmin etməkdir. Bunu da qeyd edim ki, bütün bu sadalananları yerinə yetirə bilmək üçün açıq kosmos üçün nəzərdə tutulan geyimlər təxminən 18000 hissədən və 14 fərqli qatdan ibarət olur.
Artıq kosmosa səyahət edəsi olsanız, qarderobunuzda ilk olaraq nəyi və nə üçün axtarmalı olduğunuzu bilirsiniz. Bəs yaxşı, elə isə deyin görək, səyahət nə zamandır? Çox yaxın gələcəkdə kosmosda görüşmək diləyi ilə, hələlik!
Merkuri Layihəsi (Project Mercury) - 1958-1963-cü illər ərzində ABŞ-ın ilk astronavtı kosmosa çıxarmaq üçün hazırlamış olduqları layihə
Apollo Proqramı (The Apollo Program) - 1961-1972-ci illər ərzində ABŞ-ın Aya insanlı uçuş həyata keçirmək üçün hazırlamış olduqları proqram
Commentaires