top of page

Planetimizdə nə baş verir?

Yer planeti daim hərəkət halındadır. Söhbət sadəcə kosmosda öz oxu ətrafında və ya Günəşin ətrafındakı fırlanma hərəkətindən getmir. Bu dəfə planetimizdən kosmosa yox, kosmosdan ona və daxilindəki hərəkətlərə nəzər salırıq. Əsas olaraq da, zəlzələ deyə adlandırdığımız təbiətin ən dağıdıcı fəlakətlərindən birinə səbəb olan yer qabığının hərəkətlərinə. Belə ki, bu hərəkətlərin nəticələrindən biri olan zəlzələlərin hansı gün, hansı saatda və hansı böyüklükdə olacağı qarşısındakı suallara elm hələ də dəqiq cavab tapmaqda acizdir. Ən yaxşı halda ehtimallarımız var. Bir də kosmik texnologiyamız.


 

Zəlzələ, qısaca, Yer qabığının hərəkəti nəticəsində baş verən təbiət hadisəsidir. Bunu biraz daha aydınlaşdırmalı olsaq, planetimizin quruluşuna və onu əhatə edən qabığın necə hərəkət etdiyinə nəzər salmalı oluruq. İlk olaraq qeyd edim ki, Yer səthi tək parça bir qabıqdan ibarət deyil. Bir neçə parça birləşərək vahid qabıq əmələ gətirir. Və biz də bu parçalara plitələr deyirik. Plitələr daim hərəkətdədir. Və nəzərə almalı olduğumuz digər əsas nüans da odur ki, hərəkətdə olan plitələr hamar formada deyil. Təsəvvür edin ki, girintili-çıxıntılı olan iki plitə qarşılıqlı hərəkət zamanı bir-birinə ilişib qalır. Amma hərəkətləri heç zaman dayanmadığından ilişdikləri yerdə gərginliyin artması səbəbilə güclü enerji əmələ gəlir. Və bir gün illər ərzində yığılan enerji ani şəkildə sərbəst buraxılır. Beləliklə də, zəlzələ deyə adlandırdığımız təbiətin ən dağıdıcı fəlakətlərindən biri meydana gəlmiş olur.


Qeyd edim ki, ABŞ-ın Geoloji Tədqiqat Mərkəzinin (USGS) hesabatına əsasən hər il təxminən 20,000 zəlzələ baş verir ki, onlardan ortalama 55-i sadəcə bir gün ərzində baş verən zəlzələlərin sayıdır. Elə siz də bu məqaləni oxuduğunuz anda dünyanın hansısa yerində zəlzələ olma ehtimalı qaçınılmaz deyil. Təbii ki, bunları hiss etməməyimizin, ictimaiyyətdə hər-hansısa vacib xəbər mahiyyəti daşımadığı üçün tirajlanmamasının səbəbi də baş verən zəlzələlərin adətən gündəlik həyatımıza təsir edə bilməyəcək qədər zəif olmasından irəli gəlir. Və bu, Yerin quruluşu etibarilə tamamilə normaldır.


 

1900-cü illərdən bəri aparılan uzunmüddətli qeydlərə əsasən deyə bilirik ki, hər il baş verən zəlzələlərdən ən azı 16-sı 7.0 bal və daha yüksək gücə malik olur. Onlardan biri keçdiyimiz günlərdə, 6 fevral 2023-cü il tarixində Türkiyənin cənubu ilə Suriyanın şimal-qərbində meydana gəldi. 7.8 bal gücündə olan əsas və ardınca 7.5 bal gücündə olan ardıcıl ikinci zəlzələ nəticəsində hər iki ölkədə ətraf mühit və infrastruktura dəymiş ziyandan daha ağrılısı, ciddi sayda insan itkisi, yaralı və zərərçəkmişin olması idi. Nəticədə, zəlzələ bölgəsi olduğu təqdirdə hazırlıqlı olmayan cəmiyyətlərin acı taleyini baş verən fəlakət bütün çılpaqlığı ilə hər kəsə izlətdirmiş oldu.


Peyklərdən əldə edilən görüntülərdə də bunu daha aydın görə bilirik.


Elə, fəlakətin miqyasını anlamaq və düzgün dəyərləndirmələr aparılması üçün AFAD (Türkiyənin Fəlakət və Fövqəladə Hallar İdarəsi) zəlzələ baş verəndən bir neçə saat sonra “Kosmos və Böyük Fəlakətlər” haqqında beynəlxalq nizamnamənin aktivləşdirilməsi üçün açıq çağırış etdi. Suriya üçün isə bu çağırışı edən BMT (Birləşmiş Millətlər Təşkilatı) oldu. Çağırışa cavab olaraq nizamnaməyə qoşulan kosmik agentliklər dərhal bölgə üzərində aktiv olan optik və radar peyklərinə lazımi əmrləri göndərmiş və qısa zamanda ərazinin kosmosdan görüntülənməsinə nail olunmuşdur.


“Kosmos və Böyük Fəlakətlər” haqqında beynəlxalq nizamnamə Yerdə baş verən fəlakətlərin miqyasını anlamaq, daha geniş bucaqdan baxaraq insan itkisi, infrastruktura və ya ətraf mühitə dəymiş ziyanın müəyyən edilməsi nəticəsində hansı tədbirlərin həyata keçirilməsinə qərar verilməsində mühüm rol oynayır. Fəlakətlə bağlı açıq çağırış olunduğu anda nizamnaməyə üzv olan kosmik agentliklərin peykləri fəlakət baş verən ərazinin görüntülərini əldə etmək üçün proqramlaşdırılır. 270-dən çox peyk həftənin 7 günü və 24 saat aktiv olaraq xidmət verə bilmək qabiliyyətindədir. Əlbəttə ki, fəlakətin növündən və ərazidən asılı olaraq müxtəlif peyklərdən uyğun olanları seçilib səfərbər edilir. Nizamnamə 1999-cu ildə ESACNES tərəfindən yaradıldıqdan sonra 2000-ci ildə CSA-nın da qoşulması ilə fəaliyyətinə daha genişmiqyaslı şəkildə başlamış oldu. Hazırda 17 kosmik agentliyin üzv olduğu nizamnamə fəaliyyətə başladığı ildən bəri 130-dan çox ölkədə 800 dəfə aktiv edilmişdir (16 fevral 2023-cü ilə olan məlumat).


 

Kosmos bütün digər təbii fəlakətlərdə olduğu kimi zəlzələlərin insanlara, ətraf mühit və infrastrukturla yanaşı, iqtisadiyyata təsirlərini minimuma endirmək üçün mühüm rol oynayır. Məsələn, gündəlik həyatımızda davamlı istifadə etdiyimiz naviqasiya peykləri zəlzələ zamanı plitələrin yerdəyişməsini ölçmək üçün və fəlakətin böyüklüyünü qiymətləndirmək üçün istifadə olunur. Axtarış-xilasetmə tədbirləri zamanı fəlakət bölgəsində yardım qrupları və təcili yardım maşınlarının naviqasiyası və izlənilməsində fayda verir. Həmçinin, naviqasiya peyklərinin maraq doğuracaq istifadəsi, qlobal naviqasiya peyk sistemlərinin zəlzələ zamanı ionosferdə baş verən dəyişiklikləri ölçərək çatdırdığı məlumatlar əsasında araşdırmaçıların zəlzələnin ionosferdə anomaliyaya səbəb olduğunu aşkarlamaqlarıdır. Düşünürlər ki, zəlzələ ilə ionosferdə baş verən anomaliya arasındakı əlaqəni qlobal naviqasiya peyk sistemləri vasitəsilə ölçərək plitələrin yerdəyişməsini öncədən təxmin edən sistemlər qurmaq mümkündür. Vacib qeyd: bu fikir hələ də araşdırma səviyyəsindədir.


Günün saatından, gecə və ya gündüz, havanın buludlu və ya buludsuz olmasından asılı olmadan fərqli spektrlarda işləyə bilən peyk kameralarının vasitəsilə yüksək ayırdetmə qabiliyyətinə malik optik təsvirlər zəlzələ zamanı baş verən dəyişikliklərinin monitorinqi həyata keçirilən zaman istinad edilən ilkin resurslar olur. Vəziyyəti kosmosdan bizlərə çatdıran peyklər mühüm məlumatları sürətlə təmin edir. Xüsusən, termal-infraqırmızı sensorlarla təchiz olunmuş peyklərdən əldə olunan görüntülər əsasında zəlzələdən əvvəlki və sonrakı səth temperaturları əlaqələndirilərək əldə olunan məlumatdan zəlzələnin öncədən təyin olunmasında necə istifadə etmək olar üzərində araşdırmalar aparıldığını da qeyd etmək istəyirəm.


Zəlzələ zamanı rabitənin, fəlakətlə bağlı məlumatların etibarlı və sürətli ötürülməsinin xilasetmə əməliyyatları üçün nə qədər vacib və dəyərli olduğu məlumdur. Fəlakət nəticəsində ərazidə sıradan çıxan yerüstü əlaqə şəbəkəsini bərpa etmək uzun müddət ala biləcək proses olduğundan, ən yaxşı ilkin seçim peyk rabitəsindən faydalanmaqdır.


 

Əlimizdə olan bütün bu yüksək texnologiyalara baxmayaraq, zəlzələləri bir çox digər təbii fəlakətlərdən fərqləndirən əsas nüans, hələ də, hər-hansı xəbərdarlıq sisteminə sahib olmamağımızdır. Baxmayaraq ki, bəzi insanlar zəlzələləri proqnozlaşdıra bildiklərini deyirlər. Onların açıqlamalarının yalan olmasının səbəbləri bunlardır:

  1. Elmi dəlillərə əsaslanmırlar və zəlzələlərin elmi prosesin bir hissəsi olduğunu gözardı edirlər;

  2. Proqnozlarında zəlzələnin əsas 3 elementi - zəlzələnin tarixi (gün/ay/il/saat), yeri və ölçüsü dəqiqliklə göstərilmir/göstərilə bilmir;

  3. Proqnozları o qədər ümumi olur ki, həmişə bu proqnoza uyğun gələn zəlzələ tapmaq olur. Çünki, bəhs etdiyimiz kimi, onsuzda hər gün 10-larla zəlzələ qeydə alınır.


Zəlzələ tədqiqatçıları isə “proqnozlaşdırma” sözünü sevmirlər. Fərqindədirlər ki, ionosfer dəyişiklikləri, elektromaqnit effektləri və temperaturun təsiri kimi zəlzələ öncəsi təsirlərə dair bir neçə iddia irəli sürülsə və araşdırma aparılsa da, hazırda sahib olduğumuz texnologiyalar və biliklərimizlə öncədən zəlzələnin yeri, zamanı və miqyasını dəqiq şəkildə təxmin etmək mümkün deyil. Ən yaxşı halda keçmiş zəlzələləri və bu dövrlər ərzində plitələrin fəaliyyətini araşdıraraq yaxınlaşmaqda olan fəlakətin baş vermə ehtimalını irəli sürə bilərik. Və bu ehtimalları nəzərə alaraq, elmi məlumatları əsas götürərək, fəlakətə hazırlaşa bilərik. Əks halda, zəlzələ zamanı baş verən dağıntıların günahkarı olaraq elmi yox, səhlənkarlığımızı dilə gətirməkdən çəkinməməliyik.


 

Belə, günün sonunda biz Yerin daxilində gedən prosesləri anlamaq üçün yenidən və hər zaman kosmosa boylanmağa davam edirik. Bir araşdırmaçının da dediyi kimi:

Kosmos zəlzələ prosesləri və plitələrin tektonikası haqqında anlayışımızda inqilab edir/edəcək.

 

302 views

留言


Gözdə qulaqda olun!

Yeni paylaşımlardan xəbərdar olmaq üçün...

Aramıza xoş gəldin!

bottom of page